“Vardanyan Qarabağda hərbi sahədən başqa bütün sahələrə nəzarəti ələ keçirdi…”-“Azadlıq”

Azərbaycan Respublikasının hazırda 2 ilə yaxındır Rusiyanın nəzarətində qalan ərazisində 32-ci ildir ki, Moskvanın himayəsi altında bəslənən separatçı-terrorçu hay rejiminin  qondarma “dövlət naziri” Artak Beqlaryan dünən – noyabrın 3-də sonuncu mətbuat konfransını keçirib. O, bu vəzifəni iki ay əvvəl guya Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən milayrder iş adamı Ruben Vardanyana həvalə edir.

Millətin Səsi.az xəbər verir ki, bu haqda ABŞ-ın “Azadlıq” radiosunun erməni bürosu xəbər verir.

“Mən çox şadam ki, Ruben Vardanyan dövlət naziri kimi fəaliyyətini davam etdirəcək, təbii ki, başqa səlahiyyətlər, başqa funksiyalar və məqsədlərlə”, – deyə Beqlaryan bildirib.

“Əgər Artak Beqlaryan təhsil, sosial sahə, səhiyyə və ədliyyə sahələrinə nəzarət edirdisə, Ruben Vardanyanın nəzarətində xarici əlaqələr, şəhərsalma, maliyyə, kənd təsərrüfatı və ərazi idarəçiliyi sahələri də olacaq. Demək olar ki, hərbi sahə və elektrik enerjisi sənayesi istisna olmaqla bütün sahələr Ruben Vardanyanın nəzarətində olacaq”,  – Qarabağdakı “hakim partiya”nın “deputat” olan üzvü Aram Arutyunyan belə deyib.

Rusiyadan Qarabağa köçürülən Ruben Vardanyan kadr dəyişikliyi səlahiyyətini də alacaq. A. Arutyunyanın sözlərinə görə, o, təyinatları təkbaşına həyata keçirə biləcək.

“İş adamı Vardanyan təhlükəsizliyin əsas məsələ olduğu Qarabağda nəyi dəyişəcək? O, planlarını necə həyata keçirəcək, təhlükəsizlik cəbhəsini necə gücləndirəcək?” “Azadlıq” müxbirinin sözlərinə görə, bu suallara aydınlıq gətirmək üçün dünən Ruben Vardanyanla əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, öncədən yayılmış məlumatlara görə, “Putinin milyarder desantı” adlanan, Rusiyada çirkli pulların(o cümlədən Putin və Medvedyevin) yuyulmasında aparıcı mexanizmlərdən olan “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi 53 yaşlı oliqarx milyarder Ruben Vardanyan noyabrın 4-dən, yəni bu gündən Xankəndindəki separatçı rejimin qondarma  “dövlət naziri” vəzifəsinin icrasına başlayır.

 

Mənbə

Share: