Konqo ordusu ölkənin şərqində 400 silahlını əsir götürüb

Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri ölkənin şərqində sutka ərzində “Demokratiyanın bərpası uğrunda milli şura” qruplaşmasının 400-dən çox döyüşçüsünü əsir götürüb.

AZƏRTAC “The New Times” nəşrinə istinadla xəbər verir ki, bu barədə Konqo ordusunun Cənubi Kivu və Maniema əyalətlərindəki komandanı general Akili Muhindo Mundos məlumat verib. “Apardığımız əməliyyat nəticəsində düşmən məhv edilib, 400-dən çox silahlı əsir götürülüb və ya təslim olub”, – deyə general bildirib. Onun sözlərinə görə, hazırda əməliyyat davam edir və ordu hissələri silahlıların hələ də gizləndiyi meşənin mühasirəsini yekunlaşdırmaq üzrədir.

“Demokratiyanın bərpası uğrunda milli şura” 2016-cı ilin yaz aylarında Ruandada tutsi xalqının soyqırımında iştirak edən “Ruanda demokratik azadlıq qüvvələri” qruplaşmasından ayrılıb. Konqo Respublikasının hərbi komandanlığı iki gün əvvəl “Demokratiyanın bərpası uğrunda milli şura” qruplaşmasının 291 üzvünü Ruandaya təhvil vermişdi. Onlar ötən bazar günü Konqo ordusunun Cənubi Kivu əyalətində 1950 nəfəri əsir götürdüyü zaman ələ keçirilmişdi.

Qeyd edək ki, Konqo Silahlı Qüvvələri oktyabr ayının sonlarında silahlılara qarşı son illərin ən miqyaslı əməliyyatına başlayıb.

Share: