Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı həmişə Tehran rejiminin hədəfində olub.
Bunu Modern.az-a “Günaz.TV”nin Bakı ofsinin rəhbəri Araz Obalı deyib.
O, bir neçə gün əvvəl ABŞ-da hücuma məruz qalan Əhməd Obalının səhhətinin yaxşıya doğru dəyişdiyini bildirib:
“Onun boyunu, sağ qolu və barmaqları sındırılıb. Qollarını ümumiyyətlə tərpədə bilmir. Ancaq vəziyyətində normallaşma müşahidə olunur. Tam sağalıb, ayağa qalxmasını gözləyək. İnşallah hər şeyi özündən eşidəcəyik.
Əhməd bəyin ictimai-siyasi fəaliyyətinə baxsaq, onun ən böyük düşməninin İran rejimi olduğunu görərik. Güney Azərbaycanla bağlı fəaliyyətdə, İran rejiminin əməllərinin ifşa edilməsində, onun mahiyyətini üzə çıxarılmasında həmişə Əhməd bəy öndə olub. Buna görə də, Əhməd bəy Tehran rejiminin hədəfində olub”.
Araz Obalı deyib ki, Əhməd Obalı hadisə baş verən gün oğlunun məzuniyyətinə mərasiminə gedibmiş:
“Əhməd bəy, Amerikada heç vaxt 24 saat mühafizəçi ilə gəzməyib. Həmin gün oğlunun məzuniyyət gecəsinə gedib. Hər kəs bundan xəbərdar ola bilərdi. Məlumdur ki, hər bir valideyn oğlunun məzuniyyət gecəsinə gedə bilər. Amerika dövlətinin hücumda iştirak edənləri tutub, məhkəməyə çıxararaq, onların lazımı cəza almalarına nail olacağına inanırıq. Bunun mütləq şahidi olacağıq. Mən əminəm ki, bundan sonra Əhməd bəyin özü də ehtiyyatlı olacaq. Ola bilər ki, Əhməd bəy qoruma tələb etsin. Onu mütləq qorumaq lazımdır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, ABŞ-da olmasına baxmayaraq, Əhməd Obalının təhlükəsizliyi yüksək səviyyədə qorunmalı idi:
“İranla mübarizə istiqamətində Amerika da addımlar atır. Əlbəttə, Əhməd Obalı elə-belə adam deyil. Onun çox sərt fikirlərinin və yanaşmalarının şahidi olmuşuq. Belə bir insanın təhlükəsizliyi ən yüksək formada qorunmalı idi. Bu cür hadisənin baş verməsi ürəkaçan hal deyil. Düşünürəm ki, təhlükəsizlik məsələsi ən yüksək formada təmin olunmalıdır. Amerikada belə hadisənin baş verməsi xeyli suallar yaradır. Heç olmasa sonrakı mərhələdə Amerika Birləşmiş Ştatları daha ehtiyyatlı olmalı və təhlükəsizliklə bağlı daha ciddi addımlar atılmalıdır”.
Obalılara qarşı cinayətin kimlər tərəfindən törədilməsinə gəlincə, deputat şübhələrin İrana yönəldiyini vurğulayıb:
“Konkret fakt, hüquq-mühafizə orqanlarının rəyi olmadan bunun hansı dövlət tərəfindən törədildiyini söyləməyimiz düzgün olmaz. Ancaq prosesləri təhlil edib, İran rejimini tənqid etdiyini düşündükdə, insanlarda belə bir fikir formalaşır ki, hadisə İran tərəfindən həyata keçirilib. Obyektivlik baxımından araşdırmanın nəticələrini gözləməliyik. Ancaq haqlı olaraq bütün nəzərlər İrana doğru yönəlir”.
Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Hadisənin baş verməsində şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.