Alimlər cırtdan qalaktikaların böyüməsinə əngəl olan səbəbi müəyyən ediblər

Alimlərin onlarla cırtdan qalaktika üzərində apardıqları müşahidələr göstərib ki, onların böyüməsinə əngəl olan yeni partlamalar deyil, özlərinin mərkəzində olan nəhəng qara dəliklərin güclü tullantılarıdır. Bunun nəticəsində qalaktikalararası fəzadan qaz axınının qarşısı alınır və yeni ulduzların yaranması prosesi zəifləyir.

Milletinsesi.az bildirir ki, AZƏRTAC tədqiqatın “Astrophysical Journal”da dərc olunmuş nəticələrinə istinadla xəbər verir ki, alimlər nəhəng qara dəliklərdən gələn “küləyi” qeydə alıblar. Kaliforniya Universitetinin professoru Qabriela Kanalizonun sözlərinə görə, hər bir qalaktikanın mərkəzində fasiləsiz olaraq qızmar qazı və tozu udan nəhəng qara dəlik var. Bu materiyanın bir hissəsi nazik qaz hissələri şəklində işıq sürəti ilə ətrafa tullanılır. Həmin strukturlar böyük həcmdə rentgen və qamma şüaları, habelə isti yayır.

Alimlərin qənaətinə görə, həmin tullantılar və nəhəng qara dəliklərin maraqlı olan tərəfi onların yerləşdikləri qalaktikaların təkamülünü birbaşa idarə etməsidir. Məsələn, indi astronomlar hesab edirlər ki, qara dəliklərin, qalaktikaların ümumi və mərkəzi hissəsinin çəkiləri bir-biri ilə sıx bağlıdır. Bir qayda olaraq, birincinin payına nüvə çəkisinin səkkizdə bir hissəsi və qalaktikanın ümumi çəkisinin 1-5 faizi düşür. Lakin cırtdan qalaktikaların bir çoxu bu qanunauyğunluğu “pozur”, bəzi hallarda alimlər onların mərkəzində qara dəlik aşkar edə bilmirlər, çəkiləri isə nəzəriyyədə göstərildiyindən daha böyük olur. Bu, alimləri yaxınlıqdakı kosmik obyektləri daha dəqiq öyrənməyə və onların iri ulduz yığınından nə ilə fərqləndiyini müəyyən etməyə vadar edir.

Kanalizo və onun həmkarları Yer kürəsinə yaxın olan 50 bu cür obyektin strukturunu və ətrafını öyrəniblər. Onlar bu məqsədlə “Sloan DigitalSky Survey” layihəsi çərçivəsində çəkilmiş fotoşəkillərdən istifadə ediblər. Həmin qalaktikaların hamısı Süd Yolunun nisbətən yaxınlığında yerləşir və onların işıqları Yer kürəsinə cəmi 1,2 milyard ilə çatır. Bu, alimlərə imkan verib ki, həmin obyektlərin nüvə strukturunu öyrənərək onların yarısından çoxunda nəhəng qara dəlikləri, habelə onların ətrafındakı qalaktikalararası fəzada qazların hərəkətinin xarakterini aşkar etsinlər. Onlar müəyyən ediblər ki, bu obyektlər olduqca qızmardır və ətrafında sürətli və sıx ion qazları mövcuddur. Məhz bu səbəbdən daha soyuq materiyalar yığını cırtdan qalaktikaların səthinə düşə bilmir. Nəticədə, qalaktikaların daxilində yeni ulduzların formalaşması prosesi ləngiyir və onların özləri də böyüyə bilmirlər.

Alimlər onu da bildiriblər ki, qaydalara tabe olmayan 6 qalaktikanın kəşfi göstərir ki, qara dəliklərin onların təkamülünə təsiri hələ tamamilə aydın deyil. Milyardlarla il ərzində bu obyektlərin ölçüsünün artmamasının dəqiq səbəbi isə gələcək tədqiqatların əsas mövzusu olacaq.

Share: