Lukaşenko Moskvaya qoşulan hər kəsə nüvə silahı təklif edir…

“Belarusla Rusiyanın ittifaqına daxil olmaq gərəkdir, vəssalam, hamının da nüvə silahı olacaq…”

“ATƏT yaxın aylarda böhran və hətta parçalanma təhlükəsi ilə üzləşə bilər…”

Belarus rəhbəri Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya və Belarus İttifaq dövlətinə birləşməyi arzu edən ölkələr nüvə silahını əldə edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə o, rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bəyan edib.

“Kimsə narahatlıq keçirirsə, – düşünmürəm ki, Qasım Tokayev buna görə narahatdır, amma hər halda ola bilər, – heç kim Qazaxıstanın və başqa ölkələrin də bizim kimi Rusiya Federasiyası ilə belə sıx münasibətlərinin olmasının əleyhinə deyil.

Bunu etmək çox asandır: Belarusla Rusiyanın ittifaqına daxil olmaq gərəkdir, vəssalam, hamının da nüvə silahı olacaq”, – o, deyib.

Lukaşenkonun sözlərinə görə, bu ölkələrin “birləşmək üçün unukal şansı var”.

Bu bəyanatı ilə Lukaşenko Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Avrasiya İqtisadi Birliyinin forumunda Rusiya ilə Belarusun nüvə sövdələşməsi ilə bağlı “yeni gerçəklik” haqqında Avropa İqtisadi Birliyi üzvlərinə xəbərdarlıq etdiyinə münasibət bildirib.

“Bizim AİB-də İttifaq dövlətimiz var, yəni dünyanın siyasi tarixində unikal presedent və ya necə istəyirsiniz adlandırın, fenomen yaradılıb-vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni, humanitar məkanı olan  “iki ölkə-bir dövlət” düsturu üzrə dövlət yaradılıb.

Həm də vahid hökumət, vahid ittifaq parlamenti, məni bağışlayın, hətta indi iki ölkənin bir nüvə silahı var”, – Tokayev qeyd edib.

Ertəsi gün Minskdə Rusiyanın taktiki nüvə silahının Belarus ərazisində yerləşdirilməsi qaydası haqqında saziş imzalanıb. Müqaviləni Rusiya müdafiə naziri Sergey Şoyqu və Belarus müdafiə naziri Viktor Xrenin imzalayıb.

Bu arada isə Rusiya və Belarusun mövqeyi ucbatından Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  (ATƏT) yaxın aylarda  böhranla və hətta parçalanma təhlükəsi ilə üzləşə bilər.

Münaqişənin səbəbi Rusiya və Belarusun 2024-cü ildə Estoniyanın ATƏT-də sədrliyini təsdiq etmək istəyinin olmamasıdır.

Bu barədə Finlandiyanın XİN rəhbəri Pekka Haavisto ölkənin “Yle” teleradio yayım şirkətinə müsahibəsində bəyan edib.

Təşkilatın qaydalarına görə, rotasiya yolu ilə seçilən sədr bütün 57 üzv-dövlətlər tərəfindən təsdiq edilməlidir.

Lakin Moskva və Minsk Estoniyanın gələn il sədr postuna namizədliyini təsdiq etməyib, Estoniya isə öz sədrliyindən imtina etməyə hazır deyil.

Finlandiya XİN rəhbəri ehtiyat edir ki, ATƏT Finlandiya 2025-ci ildə sədrlik postunu tutanadək parçalana bilər. Onun sözlərinə görə, vəziyyət ciddidir.

“Əgət 2024-cü ildə sədr olmasa və bu məsələdə konsensus alınmasa, növbəti il ATƏT-in təşkilat kimi parçalanma ili ola bilər”, – nazir qeyd edib.

ATƏT bu gün Avropanın Rusiya, ABŞ və Ukraynanı birləşdirən yeganə təşkilatıdır. Onun başlıca vəzifəsi münaqişələrin qarşısının alınması, sülhün monitorinqi və seçkilərə nəzarətdir.

Mənbə

Share: