“Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə silsilə tədbirlər təşkil edilir. Məhkəmə-hüquq sistemində aparılan islahatların cəmiyyətdə böyük maraq doğurduğu nəzərə alınaraq bayram ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə “Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfrans keçirilir.

 

AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən tədbir dövlətimizin başçısının açılışını etdiyi müasir binasının istifadəyə verilməsinin 10 illiyi ilə əlamətdardır. Dünya Bankının vətəndaşlara daha yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi nominasiyalarının qalibi olmuş ən uğurlu layihəsi çərçivəsində inşa olunmuş məhkəmə binası bu gün də müasirliyini qoruyur. Təsadüfi deyil ki, Dünya Bankı binanın səliqə-sahmanla istismar olunmasını, yaradılmış yüksək şəraitin bütün istifadəçilərdə, o cümlədən məhkəmələrə gələn vətəndaşlarda məmnunluq doğurmasını yüksək qiymətləndirib.

 

Konfransın açılışında ədliyyə nazirinin müavini Toğrul Musayev və Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək tədbirin qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və vətəndaş cəmiyyəti institutları arasında səmərəli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının mərkəzində ədalət mühakiməsinə və ədliyyəyə əlçatanlığın təmini, vətəndaş məmnunluğunun artırılması və şəffaflıq prinsipləri dayanır. Təkcə son 10 ildə məhkəmə-hüquq islahatlarının bu istiqamətdə davamlılığını təmin edən 300-ə yaxın qanun, fərman və qərar qəbul olunub.

 

Sonra ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalara dair videoçarx nümayiş etdirilib.

 

Konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, deputatlar, Prezident Administrasiyasının məsul nümayəndəsi, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbər vəzifəli şəxsləri, hakimlər və hakimliyə namizədlər, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, gənclər və media mənsubları iştirak ediblər.

 

Tədbirdə ədliyyə və məhkəmə-hüquq sistemində islahatlara, dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı görülən işlərə, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə qərarlarının icrasının təmin olunması, innovasiyaların tətbiqinin əhəmiyyəti, islahatlara ictimaiyyətin marağı ilə bağlı çıxışlar dinlənilib, müzakirələr keçirilərək qaldırılan məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Çıxış edən digər deputatlar, vətəndaş cəmiyyəti institutları məhkəmə-hüquq sistemində aparılan islahatları və tətbiq olunan yenilikləri, rəqəmsal innovasiyaları maraqla qarşılayıb, təkliflər irəli sürüblər.

Mənbə

Share: