MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva özbək ziyalılarla görüşüb 

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti ilə ölkəmizdə qonaq olan Özbəkistanlı professor-müəllim heyəti və mədəniyyət işçiləri ilə görüşüb.

Abşeron rayonu ərazisindəki “Yanardağ” Xalça Evində baş tutan görüşdə, öncə muzeylə yaxından tanışlıq olub. Qənirə Paşayeva və Xalça Evinin yaradıcısı Canpolad İmanov məkanda nümayiş olunan xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri və onların ənənələri barədə özbək qonaqlara ətraflı bilgi verib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Q.Pşayaeva ötən aylarda Azərbaycanla Özbəkistan arasında, müxtəlif səviyyəli səfərlərin, görüş və müzakirələrin sıx əməkdaşlıq ruhunu və imkanlarını ifadə etdiyini bildirib.

Komitə sədri Azərbaycan Prezidentinin qardaş ölkəyə dövlət səfərini, habelə fəxri qonaq kimi iştirak etdiyi Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində, yenə Səmərqənddə keçirilən Türk Dövlət Başçıları Zirvə Görüşündə uğurlu iştirakını, müzakirə olunan məsələləri xatırladaraq, ziyalıların, mədəniyyət işçilərinin üzərinə düşən mənəvi vəzifələrdən söz açıb.

Q.Paşayeva Azərbaycanla Özbəkistan arasında zəngin təcrübəyə əsaslanan ədəbi-mədəni əlaqələrin köklərindən, ortaq dəyərlərimizdən və qürurverici buğunu­müzdən və ortaq gələcəyimizdən danışıb. O, dilimizi, mədəniyyətimizi və qardaş­lığımızı fərqli ictimai-siyasi formasiyalardan keçirərək, qoruyub inkişaf etdirən ədəbiyyat, mədəniyyət xadimlərinin xidmətlərini minnətdarlıqla qeyd edib.

Özbəkistandan olan heyətin rəhbəri Mikumi adına Kokand Dövlət Universitetinin Pedaqoji İnstitutunun Filologiya kafedrasının müdiri Ziba Qabilova qardaş ölkələrimizin elmi, ədəbi, mədəni əlaqələrinin yeni fəza, yeni üfüq qazanmasında elm, mədəniyyət mərkəzlərinin yerindən, rolundan danışıb.

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbar, professor Dilşad Qayıbov, Gülsənəm Norova, Urgənc Dövlət Universi­tetinin gənc müəllimi Moyibə Atamuradova, tənqidçi, şair, gənc tədqiqatçı Ölməzbəy Xocayev və başqaları öz ürək sözlərini bölüşüb.

Sonra qarşılıqlı hədiyyə bağışı həyata keçirilib, xatirə şəkli çəkilib.

Mənbə

Share: