Sülhməramlıların öz mandatlarından kənar hərəkətləri yolverilməzdir

 

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvi Fatma Yıldırım son günlər Qarabağda Azərbaycanın təbii sərvətlərinin ermənilər və onların havadarları tərəfindən qanunsuz mənimsənilməsinə münasibət bildirib.

Milletinsesi.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, ötən gün qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqun və ictimai fəalların Laçın-Şuşa yolunda etiraz aksiyasına başlaması cəmiyyətimizin Qarabağda təbii sərvətlərimizin talanmasına və rus sülhməramlılarına etirazın bir nümunəsidir.

“Bu, o deməkdir ki, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatlarımızın qanunsuz istismarına kəskin etirazını bildirir. Tələb bundan ibarətdir ki, müvafiq qurumların nümayəndələrindən ibarət qrupun Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının monitorinqinin aparılmasına şərait yaradılsın.

Ümumiyyətlə, proseslər göstərir ki, Rusiya sülhməramlıları öz mandatlarına uyğun fəaliyyət göstərmir. Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağ separatçıları üçün silah, o cümlədən minaların daşınması, xarici ölkə vətəndaşlarının bu əraziyə buraxılması, ermənilərin təxribatçı hərəkətlərinə şərait yaradılması buna sübutdur. Halbuki, Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Rusiya sülhməramlılarının öz mandatlarından kənar hərəkətləri yolverilməzdir”, – deputat bildirib.

Mənbə

Share: