NASA-nın qazma qurğusu Marsın səthində qazıntı işlərini bərpa edib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “InSight” enmə platformasında qazma qurğusunun xilas edilməsi öz bəhrəsini verib: altı aylıq fasilədən sonra Marsın səthində 35 santimetr dərinliyi qazdıqdan sonra sıradan çıxan “HP3” adlı qurğunun sonuncu sınağı zamanı o, Marsın səthində daha iki santimetr dərinliyə nüfuz edə bilib. AZƏRTAC space.com saytına istinadla xəbər verir ki, bu məlumatı NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyası (JPL) yayıb.

“HP3” layihəsinin elmi rəhbəri Tilman Spon bildirib ki, qazma qurğusunun Marsın dərinliyinə enməsi onun yolunda iri daşların olmadığını göstərib. Onun sözlərinə görə, bundan sonra qırmızı planetin daha dərin qatlarını qazmaq mümkün olacaq.

“InSight” modulu ötən ilin dekabrında Marsın səthinə enib və onun əsas vəzifəsi planetin daxili strukturlarının öyrənilməsidir. Bu ilin fevralında fəaliyyətə başlayan aparatda alman və Amerikalı alimlər yeraltı təkanları qeydə almaq məqsədilə seysmoqraf və “HP3” qazma qurğusu yerləşdiriblər. Lakin ilk gündən qurğuda problemlər yaranıb və Marsın səthində 70 santimetr dərinliyə enməli olan “HP3” cəmi 35 santimetrdən sonra sıradan çıxıb. NASA və Almaniya Aviasiya-Kosmos Mərkəzi (DLR) son 6 ayda nasazlığın aradan qaldırılması istiqamətində iş aparıblar. Onlar müəyyən ediblər ki, qurğunun sıradan çıxması planetin qızmar və bərk qumu ilə bağlıdır. Alimlər süxurların fotoşəkillərini təhlil edərək belə qənaətə gəliblər ki, ətrafdakı daha yumşaq qum səthini qazma qurğusunu onun korpusundan ayırmaqla qazmaq mümkündür. Onlar bu prosesə iki ay vaxt sərf ediblər və sentyabrda “HP3” qurğusunun yerləşdiyi çalanı robotlaşdırılmış manipulyatorla bərkitməyə nail olublar. Tilman Spon və onun həmkarları oktyabrın 8-də qazma qurğusunu yenidən işə salmağa nail olublar. İndi mühəndislər qazma zamanı çıxarılan süxurları təhlil edərək yeni əngəllərin qarşısını almaq üzərində işləyirlər.

Share: