Putindən MDB ölkələri Təhlükəsizlik Şurası katiblərinə ÇAĞIRIŞ

Bugünkü mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə MDB ölkələrinin Təhlükəsizlik Şuraları bütün mövcud imkanlardan istifadə etməklə strateji planlaşdırma sənədlərini işləyib hazırlamalı və yeniləməlidir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Moskvada açılmış MDB ölkələri Təhlükəsizlik Şurası katiblərinin onuncu illik iclasının iştirakçılarına salamlama nitqində deyilir.


Putinin təbrikini Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev oxuyub.


“Bugünkü beynəlxalq vəziyyət mürəkkəb və qeyri-sabit olaraq qalır. Bu baxımdan, MDB məkanında vəziyyətin hərtərəfli təhlili və potensial çağırış və risklərin müəyyən edilməsi üçün strukturlarınızın güclü analitik və proqnoz resurslarından tam istifadə etməsi vacibdir”, – salamlamada qeyd olunur.


“Məhz bu əsasda strateji planlaşdırma sənədləri hazırlanmalı və yenilənməli, məsuliyyətli dövlət qərarları qəbul edilməlidir. Bura ilk növbədə informasiya və bioloji təhlükəsizlik, antiterror, ekstremizmlə mübarizə, narkotik biznesi, qeyri-qanuni miqrasiya sahəsi daxildir”, – Putin əlavə edib.


Rusiya Prezidenti əmin olduğunu bildirib ki, hazırkı iclas MDB-nin kollektiv təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə xidmət edəcək, Birlik ölkələrinin və xalqlarının rifahı naminə səmərəli birgə işdə mühüm mərhələ olacaq.

Mənbə

Share: