Qənirə Paşayeva MM-də büdcə müzakirələri zamanı bir sıra vacib təkliflərlə çıxış edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin noyabrın 17-də keçirilən plenar iclasında – “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuş müzakirəsində çıxış edib. Bir sıra vacib mövzulara toxunan Komitə sədri, önəmli təkliflərlə çıxış edib.

Komitə sədrinin çıxışını kiçik ixtisarla təqdim edirik:

“Hörmətli həmkarlar,

Hökumət üzvləri,

Mətbuat nümayəndələri,

Mən də təbii ki, 2023-cü il üçün dövlət büdcəsi layihəsini dəstəkləyirəm və burda həm hökumət üzvlərimiz, həm hörmətli həmkarım Tahir Mirkişili geniş məlumat verdi və biz cənab Prezidentin rəhbərliyi altında aparılan böyük işləri hamımız yüksək qiymətləndiririk, dəstəkləyirik. 2023-cü ilin büdcəsində də bu məsələlər geniş olaraq öz əksini tapıb, biz də təbii ki hamımız ona səs verəcəyik.

Təbii ki, cənab Prezidentin imzaladığı “Böyük Qayıdış”a dair birinci dövlət proqramı layihəsi bütün xalqımız, vətəndaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir. Cənab Prezidentə təşəkkürümüzü bildiririk və inanırıq ki, bu layihənin sürətlə həyata keçirilməsi soydaşlarımızın öz yurd-yuvalarına qayıtması prosesinin sürətlə həyata keçirilməsinə təminat verəcək.

Mən Mədəniyyət Komitəsi ilə bağlı bir çox təklifləri sələndirmişəm və büdcə iclaslarında onları təkrar eləmək istəmirəm amma bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, müxtəlif sahələr üzrə dövlət proqramlarının həyata keçməsinə nəzarəti həddən artıq gücləndirməyə ehtiyac var. Çünki mədəniyyət sahəsi ilə bağlı illər öncə bir neçə proqram həyata keçirilmişdir. Kinoyla, teatrla, tarixi mədəniyyət abidələri ilə bağlı proqramlar başa çatıb amma biz görürük ki, proqramda nəzərdə tutulan bir çox məsələlərin həlli hələ də öz əksini tapmayıb. Bu proqram bitib ona görə çox xahiş edirik ki, bu məsələ diqqətdə olsun. Hesab edirəm ki, bütün sahələr üzrə proqramların həyata keçirilməsi çox ciddi nəzarətdə olmalıdır. Mən bunu xahiş eləmişəm ki, mədəniyyətin müəyyən spesifik sahələri var, orada əməkhaqları aşağıdı və buna görə müəyyən güzəştlər, stimullaşdırıcı tədbirlər, əməkhaqlarının artımı olmasa, biz gələcəkdə bu sahələrdə ciddi kadr problemi ilə üzləşə bilərik. Mədəniyyət Komitəsi olaraq onları yazılı şəkildə müvafiq qurumların diqqətinə də çatdırmışıq.

Amma mən burada bir neçə məsələni də qaldırmaq istəyirəm. Soydaşlarımızın, vətəndaşlarımızın, seçicilərimizin qaldırdığı müraciətlər əsasında bunun biri burda vurğulandı. – Bizim İran ərazisində, Güney Azərbaycanda yaşayan soydaşlarımız, özəlliklə gənclər tez-tez müraciət edir ki, onlar çox təəssüf ki, öz ana dilində təhsil ala bilmir. Onlar vurğulayır ki, Azərbaycan Respublikasına təhsil almağa gələndə, müəyyən güzəştlər edilsin – onlara xarici tələbələr kimi baxılmasın. Ümumiyyətlə həmişə dövlətimizin siyasətində xaricdə olan, Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan qardaş-bacılarımız diqqətdə olub. Ona görə düşünürük ki, dövlətimizin sərhədlərindən kənardan – amma vətən Azərbaycandan və ümumiyyətlə harda doğulub-yaşamasından asılı olmayaraq gələn soydaşlarımız burada təhsil almaq istəyəndə, onlara da Azərbaycan Respublikasının vətəndaşı olan gənclərimiz kimi dəstək olmalıyıq ki, təhsil ala bilsinlər.

Digər məsələ şəhid ailələrimiz, veteranlarımız, qazilərimizlə bağlıdır. Bəli, onlar hər zaman dövlətimizin diqqətindədi. Bir məsələni xahiş edirik ki, müharibə iştirakçılarımız var ki, güzəştli ipotekadan yararlanan təbəqəyə daxil edilmək onlara da çox vacibdi. Çünki onların da buna çox ehtiyacı var və övladları da ödənişli ali təhsil aldıqları zaman, güzəştlər məsələsinə baxılması çox vacibdi.

Artıq qeyd olunduğu kimi, icbari tibbi sığortanın onkoloji xəstəlikləri, autizmli xəstələri və süni mayalanma əməliyyatlarını da əhatə etməsi həddindən artıq vacib bir məsələdi.

Dərman vasitələrinin qiymətlərinin bahalığı və onun aşağı salınması vətəndaşlarımız tərəfindən qaldırılan çox vacib məsələdi ki, buna mütləq baxılmalıdı. Dərman, dərman vasitələrinin qiymətlərinin aşağı salınması mexanizmlərini işləyib hazırlamaq, eləcə də, aliment fondunun yaradılması artıq günümüzün ciddi reallığına çevrilib. Xahiş edirik bu məsələ gündəmdə olsun.

Uşaq yeməkləri və bezlərinin qiymətlərinin aşağı salınması da gənc ailələrimiz tərəfindən mütəmadi qaldırılan məsələlərdi. Çox xahiş edirik, bu məsələ də diqqətdə olsun.

“AZAL”la bağlı bütün tənqidlərə qoşularaq, bu məsələlərdə nəzarətin daha güclü olmasını biz də xahiş edirik.

Sonda Tovuz və Şəmkir rayonları üçün vacib olan Zəyəmçay su anbarının tikintisi ilə bağlı söz verildiyini xatırlatmaq istərdim. İnanırıq ki, bu məsələyə mütləq baxılacaq. Xahiş edirik diqqətdə olsun.

Diqqətiniz üçün təşəkkür edirəm”!

Mənbə

Share: