Ukraynanın “Bukovina” klubunun baş məşqçisi Sergey Şişenko futbolçusu, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer etməkləri barədə danışıb.
Millətin Səsi.az xəbər verir ki, mütəxəssis bu barədə “Sport RBC.UA”ya müsahibəsində bildirib.
Şişenko qeyd edib ki, transfer pəncərəsi zamanı komanda hücumçu axtarışında olub və əvvəlcə Daniil Kravçukun namizədliyini nəzərdən keçirib. Daha sonra seçim Renat Dadaşovun üzərində dayanıb.
Baş məşqçi 27 yaşlı futbolçunun Azərbaycan millisində, həmçinin Almaniya və Türkiyə çempionatlarında çıxış etdiyini xatırladıb.
“O, əsl hücumçudur, klassik 9 nömrədir. Yüksək oyun səviyyəsinə və meydanda nə etdiyini anlamaq qabiliyyətinə malik futbolçudur”, – deyə Şişenko bildirib.
Mütəxəssis Dadaşovun ilk məşqlərdən məşqçilər korpusunun tələblərini anladığını da vurğulayıb. Bununla belə, onun komandaya uyğunlaşmalı, fiziki hazırlığını yaxşılaşdırmalı və kollektivin oyun üslubunu daha yaxşı mənimsəməli olduğunu qeyd edib.
“Bizim oyunlarımıza baxıb, necə çıxış etdiyimizi izləyib. İlk məşqlərdən onun futbol meydanında nə etməli olduğunu başa düşdüyü görünürdü”, – deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Dadaşov “Ayntraxt” və “Leyptsiq”in futbol akademiyalarında yetişib. Peşəkar karyerası ərzində “Eştoril”, “Vulverhempton”, “Paşuş de Ferreyra”, “Qrasshopper”, “Hatayspor”, “Ankaragücü” və Polşanın “Motor” klublarında çıxış edib.
Azərbaycan millisinin formasını 2017-ci ildən geyinən hücumçu 48 oyunda 7 qol vurub.
Qol.az


