AT ÇAPA BİLMƏYƏN ƏMİOĞLU – Aqil ABBAS yazır

AT ÇAPA BİLMƏYƏN ƏMİOĞLU – Aqil ABBAS yazır

Kəlbəcərdən  30 ildi   çıxmışdı. Kəlbəcərdən   canı   çıxmışdı, ürəyinisə o dağlarda  qoyub gəlmişdi, daha  doğrusu, doğulduğu Başlıbel  kəndində.

 

Kəlbəcərlilər, kolanılılar  və kürdlər  bir-birini  «əmioğlu» deyə çağırır. Biz də  bir-birimizə «əmioğlu» deyirdik. Kəlbəcər  azad olunanda  uşaq kimi  sevinirdi. Deyirdi ki, sənə  Başlıbeldə bulaq başında bir quzu  kəsəcəm. Qismət deyilmiş.

 

Bir dəfə Ağcakənddə gördüm ki, oğluna  at çapmağı   öyrətmək  istəyir, amma məlum oldu ki, özü  at çapa bilmir. Hətta atın üstündə   qorxa-qorxa  oturur.  Güldüm. Dedim ki, əmioğlu, dağlar  oğlu  olasan, at çapa  bilməyəsən? Cavab verdi ki:

 

– Dağları  doyunca  gördüm ki?  Atı doyunca  mindim ki, çapa da  biləm? Deyirəm heç olmasa  oğlum ata  öyrəşsin. Allah qoysa, Kəlbəcər azad olunandan  sonra o dağlarda  at səyiridə bilsin.

 

Sözün   düzü,  heç mən də  at çapa  bilmirəm. Atın da  maşın kimi sürət  ötürücüsü var və üç  sürəti  var – ikəm, üçəm, dördəm.  Kənddə  olanda  ha  istədim  üçəmdən dördəmə   keçə bilmədim. Kənddəki  uşaqlar da  mənə  gülürdü.  Halbuki  məndən  balaca  uşaqlar yəhərsiz ata  sıçrayıb minirdilər  və dördnala   çapırdılar,  hələ bir  şahə da qaldırırdılar.

 

 At çapa  bilməyən  əmioğlum getdi  Kəlbəcərə. Kəndlərində  qoyduğu  ürəyinin  dalınca və  ürəyini  tapdı.  Bir-birini   sevinclə necə   qucaqladılarsa sevincdən  ürək  dözmədi  və partladı.  Və ruha   çevrilib  həmişəlik qaldı  doğma  dağlarda.

 

İndi Sücaətlə, Bəhmən  Vətənoğluyla  ağsaqqal    Şamil Əsgərovun  başına   yığışıb  dərdləşirlər.

 

Mən də  ilk dəfə  Ağdama girəndə elə  olmuşdum. Nədənsə Allahın  mənə  yazığı  gəldi.  Kaş Allahın  Zülfüqara da yazığı gələydi, heç olmasa doyunca Kəlbəcəri görəydi.

 

Mənbə

Share: