Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA

Hər sahənin öz peşəkarı olduğu kimi, aktyor sənətinin də peşəkarları təhsilli aktyorlardır. Bəzən isə təkcə aktyorları deyil, digər sənət sahiblərini də filmlərimizdə görürük. Ələxsus da müğənniləri.. Bununla bağlı nümunələrə Azərbaycan kinematoqrafiyasında da rast gəlmək mümkündür. Məsələn, Eldar Quliyevin lentə aldığı “Nizami” filmində baş rolu xalq artisti Müslüm Maqomayev ifa edir. Xalq artisti Flora Kərimova “Qanun naminə” filmində çox gözəl obraz yaradıb. “Bəxt üzüyü” filmindəki Sevda obrazı o dövrün məşhur müğənnisi Firəngiz Rəhimbəyovaya aktrisa kimi şöhrət qazandırıb. “Baladadaşın ilk məhəbbəti” filmindəki baş rollardan birini canlandıran əməkdar artist Ruhəngiz Musəvi də müğənni olub. “Musiqi müəllimi” filminin baş qəhrəmanı xalq artisti Sərxan Sərxan da o dövrdə müğənni kimi tanınıb. Bəs görəsən müğənnilərin filmlərdə çəkilməsi zərurəti hardan yaranıb?

 

Kinoprodüsser Əli İsa Cabbarov Moderator.az-a bildirib ki, burada məqsəd tam başqadır.

 

 

“Məqsəd o filmlərə təbiilik verməklə yanaşı, həm də həmin filmə populyarlıq gətirməkdir. Təbii ki, müğənni personajı məşhur müğənni ifa etsə effektli olar. Necə ki, “Bəxtiyar” filmində Rəşid Behbudov gənc müğənni rolunu ifa edib. Və yaxud “Cangüdən” filmində Vitni Hyuston müğənni obrazını yaradıb. Bu filmə təbiilik və şöhrət gətirə bilər” deyə o bildirib.

 

Əli İsa Cabbarov deyir ki, yersiz yerə filmlərdə müğənniləri çəkib, ekran əsərinin bədii keyfiyyətlərinə toxunmaq olmaz. 

 

“Təbii ki, bundan sui-istifaə etmək olmaz. Filmin bədii keyfiyyətləri daha öndə olmalıdır. Mirzə Babayev həm də qəşəng xarakterli aktyor idi. O hətta ifa etmədiyi filmlərdə də epizodik və xarakterik rollara çəkilib. Burada ucuz şöhrət dalınca qaçıb hər media simasını kadr qarşısına gətirmək olmaz, xüsusilə də aktyorluq qabiliyyəti yoxdursa. Məşhur müğənni pis aktyor ola bilər, bu cəhətdən onu filmə gətirmək zərər gətirə bilər” deyə o bildirib.

 

Müasir dövrdə çəkilən filmlərdəki müğənnilər də ən azından peşəkar olmalıdırlar ki, müğənnilərin köhnə filmlərimizdəki rolları qədər sevilsin və tamaşaçı sevgisi qazansın. Tamaşaçı sevgisi qazanan müğənnilərdən biri də xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli sənətkar Xuraman Qasımovadır. Onu çəkildiyi “Liftçi qız” və “Mən ki, gözəl deyildim” filmləri böyük tamaşaçı kütləsinə sevdirib. O vaxtlar Xuraman Qasımova heç məşhur müğənni də olmayıb. Sənətkar bu haqda Moderator.az-a açıqlama verib.

 

“Mən “Liftçi qız” filmində oynayanda 12-13 yaşım var idi. Bu günə qədər də bəzən görürsən ki, zarafatla məni “cüllüt” deyə çağırırlar. Obrazım Lalə heç zaman özünə vurğun olan qız deyildi. Mən o illərdə 13 yaşımda idim, təxminən 18 yaşında qız obrazını yaratmışdım. O yaşda təbii ki, insan sevmir və o sevgi hisslərini yaşamaq mənim  üçün çox çətin idi. Bəzən mənə sual verirlər ki, dəniz səhnələrindən qorxmurdunuz? Məni dəniz qorxutmurdu, çünki mən Mərdəkan bağlarında böyüyən bir qız idim. Yay vaxtı gündə dənizdə idik. O səhnələr avqustun sonlarında çəkildi. Çəkilmiş lentləri göndərirdilər Rusiyaya. Filmi montaj edərkən gördülər ki, dəniz səhnələri “brak” çıxıb. Təsəvvür edin artıq payız ayı gəlmişdi. Noyabr ayının ortalarında rejissor evə gəldi, saatlarla valideynlərimlə söhbət etdilər və sonda qərara gəldilər ki, dəniz səhnələrini yenidən çəksinlər. Filmdə gördüyünüz səhnələr yay aylarında yox, noyabr ayında çəkilən səhnələrdir. Bu günə qədər Tariyellə dostluq edirik, o bizim çox gözəl aktyorumuzdur. Necə həyatda təbiidirsə, səhnədə də təbiidir. Hansı obrazı yaratsa, tamaşaçı ona inanır. Həmişə demişəm ki, mənim həyatımda kinoda çəkilən səhifələrim də olub. Amma bu, bir xobbi idi. Mənim üçün xüsusi obrazlar, ssenarilər yazsaydılar, böyük məmnuniyyətlə çəkilərdim” deyə sənətkar bildirib.

Mənbə

Share: