İdeal səhər rejimi necə olmalıdır?

Hamımızın həyatımızda təkmilləşdirə biləcəyimiz sahələr var və bir çox hallarda bu prosesə səhər rutinindən başlamaq lazım olur. Aşağıda günə ən yaxşı başlanğıcı necə planlaşdırmaq barədə fərqli fikirlərlə tanış ola bilərsiniz:

 

İstər sağlamlığınızı optimallaşdırmaq, daha çox enerji və məhsuldarlıq, istərsə də özünüzü daha xoşbəxt hiss etmək üçün sağlam səhər rejiminə malik olmaq ən yaxşı yoldur.

 

Günün qalan hissəsinin “tonunu” təyin etmək və ardıcıl olaraq bir sıra mütəşəkkil və məqsədyönlü fəaliyyətlər həyata keçirmək həyatın müxtəlif aspektlərinə müsbət təsir göstərəcəkdir.

 

Rejimlə yaşamaq təkcə özünə inamı artırmır, həm də sağlam səhər rejiminə sadiqlik bütövlük yaradır. Populyar motivasiya spikeri Mel Robbinsin dediyi kimi, “Səhər rejimi sizi siz edən bir sıra vədlərdir”.

 

Bu sahədə müxtəlif mütəxəssislərin fikirlərinin yer aldığı dünyanın ən yaxşı sağlamlıq və şəxsi inkişaf podkastlarının hər biri səhər rejiminə əməl etməyin vacib əhəmiyyətini vurğulayır.

 

“Mürgü düyməsi” söndürülməli

 

Mel Robbinsin izləyiciləri üçün ilk qaydası heç vaxt mürgüləmə düyməsini basmamaqdır. Bunun əvəzinə o, beşdən birə qədər geri sayımı və nə qədər ağrılı olsa da, ayağa qalxmağı məsləhət görür.

 

Robbinsin dediyi kimi: “Siz etmək istəmədiyiniz bir işə beş dəqiqə vaxt sərf etsəniz, günün qalan hissəsində özünüzü bir milyon dollar tapmış kimi hiss edəcəksiniz.” Robbinsin mürgüləmə düyməsinin əleyhinə məsləhət verməsinin ən kritik səbəbi odur ki, bu, yuxu ətalətinə gətirib çıxarır. Bu, o deməkdir ki, günün əvvəlində fitri olaraq malik olduğumuz enerjidən faydalanmaq əvəzinə, mürgüləmə düyməsini istifadə etmək həmin enerjini tamamilə yox edir və bizi bütün gün yuxulu edir.

 

Bununla bütün yaxşı ekspertlər razılaşırlar: Səhər rejimi dolğun bir həyatın açarıdır.

 

Maui vərdişi

 

Vərdiş üzrə mütəxəssis və “Kiçik vərdişlər: Hər şeyi “Dəyişən kiçik dəyişikliklər” kitabının müəllifi BJ Fogg günün əhvalını təyin etmək üçün ən vacib vərdiş olduğunu hesab etdiyi şeyi bölüşüb. O, bildirib ki, bu, sadəcə oyanmaq və dərhal “Bu gün möhtəşəm olacaqdır!” deməkdən ibarətdir. Bunu cazibə qanunu və ya sadə zehniyyətin sındırılması adlandırmaq olar, ancaq hər iki halda, qarşıdakı gündən qorxmaq əvəzinə, o səhər oyandığınız üçün minnətdar olmağı seçə və özümüzü inandıra bilərik ki, çətinliklər olsa belə, yenə də yaxşı gün bizi gözləyir.

 

Günəş işığı

 

Fiziki və zehni sağlamlığın qorunmasının ən vacib komponentlərindən biri kifayət qədər yuxu almaqdır. Stanford Universitetinin nevroloqu və son dərəcə məlumatlandırıcı podkast olan “HubermanLab”ın aparıcısı Endryu Huberman izah edir ki, yuxudan duran kimi gözlərinizə 5-10 dəqiqə günəş işığının düşməsi sirkadiyalı ritmi təyin etməyə kömək edir.

 

Bunu etmək üçün günəşlə birbaşa təmasda olmalısınız. Pəncərədən və ya şüşədən keçən günəş işığı eyni təsirə malik deyil. Beləliklə, istər səhər tezdən gəzintiyə çıxmağı, istərsə də açıq havada bir fincan çay içməyi seçməyiniz daha yaxşı olar. Gecə yuxunuzu yaxşılaşdırmaq üçün ilk oyanma anlarınızı günəşdə keçirin. Huberman, həmçinin əlavə edib ki, gün batarkən gözlərinizə günəş işığının düşməsi də kifayət qədər yuxu almağa kömək edə bilər.

 

Yatağı yığışdırmaq

 

Səhər ilk olaraq çarpayını yığmaq sadə bir iş kimi görünə bilər, ancaq səhər ilk növbədə yatağı düzəltmək düşüncə tərzimizə əhəmiyyətli dərəcədə təsir edir. Bu, nəinki bir nailiyyət hissi bəxş edir, həm də stresi azaldan, nizam-intizam və rutinliyi təlqin edən xoş vizual estetikaya malikdir. Bir çox araşdırmalar göstərir ki, səhər tezdən yatağını səliqəyə salıb yığışdıranlar ümumilikdə daha xoşbəxt və daha uğurlu olurlar.

 

Yazmaq

 

Cəmi beş dəqiqə olsa belə, gündəlik yazma təcrübəsi stressi aradan qaldırmağa kömək edə bilər və gününüzə inam və daha böyük məna verə bilər. Mütəxəssislər hər gün cavablandırılmalı olan eyni üç sualı müəyyənləşdiriblər. Bunlar – “Nəyə görə minnətdarsınız”, “Bu gün etməli olduğunuz ən vacib şey nədir” və “Bu gün necə görünmək istəyirsiniz” suallarıdır.

 

Minnətdarlıq təcrübəsi

 

Nə qədər sadə görünsə də, minnətdarlıq təcrübəsinə sahib olmaq, bəlkə də həyatınızda edə biləcəyiniz ən vacib ritualdır. Sevdiyimiz insanlara, sahib olduğumuz və şanslı olduğumuz şeylərə görə minnətdar olduğumuz zaman daha gözəl şeylər baş verir.

 

Bu, təkcə bizi xoşbəxt edən, əziz tutduqlarımızı və onlara sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu düşünərək bizi xoşbəxt edən ani zehniyyət dəyişikliyi deyil, həm də cazibə qanununu işə sala bilər, çünki razılıq, şükür içində yaşadığımızı hiss etməyimiz daha yaxşı şeyləri həyatımıza çəkə bilər.

 

Meditasiya

 

Zehni gücləndirmək və diqqəti artırmaqla tanınan meditasiya hamımızın müntəzəm olaraq etməyə can atmalı olduğumuz bir şeydir. Artıq o, yalnız buddist rahiblər üçün deyil, müntəzəm meditasiya təcrübəsinə sahib olmağın böyük əqli və fiziki sağlamlıq faydaları olduğu aşkar edilmişdir.

 

Araşdırmalar göstərir ki, gündə cəmi 12 dəqiqə meditasiya zehin və yaxşı diqqət üçün kifayətdir. Meditasiya etmək üçün yer taparaq başlamaq üçün “YouTube”da geniş əlçatan meditasiya proqramlarından istifadə edə bilərsiniz.

 

Hərəkət

 

Səhər bir qədər hərəkət etmək bir neçə səbəbə görə faydalıdır. Bu, təkcə sağlamlığımızı, çəkimizi və zehniyyətimizi yaxşılaşdıraraq depressiya və narahatlıqdan qorunmağa kömək etmir. Səhər kardio ilə məşğul olmağın həm də gün ərzində məhsuldarlığı 30% artırdığı müəyyən edilib.

 

Səhərlər vaxtınız varsa təbiətdə gəzintiyə çıxmaq, yoxdursa, ən azından mətbəxdə, evdə müəyyən hərəkətlər etmək tövsiyə olunur.

 

Qəhvəni gecikdirin

 

Çoxumuz yataqdan sıçrayıb qəhvə və ya çay hazırlamaq üçün birbaşa mətbəxə gedirik. Huberman oyandıqdan sonra 60-90 dəqiqəyə qədər ilk kofenizi içməkdən çəkinməyi məsləhət görür.

 

Bu bəzilərinə işgəncə kimi görünsə də, elmdə müəyyən edilib ki, ilk stəkan qəhvənin gecikdirilməsi günortadan sonra aşağı enerji “qəzasının” qarşısını alır.

 

Bol su için

 

Nəmləndirmə çox vacibdir, lakin bir çoxları üçün bu, çox vaxt görüləcək işlər siyahısında ən az əhəmiyyət kəsb edən şeydir və kifayət qədər su içilməsi heç vaxt yerinə yetirilmir. Buna görə mümkün qədər tez su qəbulunu günə yaxşı bir başlanğıca çevirmək faydalı olar.

 

Beləliklə, qəhvə ilə başlamaq əvəzinə, bir stəkan qaynar su və ya limonlu su ilə orqanizmi nəmləndirin, sistemi təmizləyin və bədəninizi yeni günə hazırlayın.

Mənbə

Share: