Yığmanın müsbət və mənfi tərəfləri

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsinə yekun vurulub.

 

Azərbaycan millisi ikinci oyununda Bolqarıstanla qarşılaşıb.

 

Matçın gedişində məğlub duruma düşən yığmamız sonadək mübarizə əzmini itirməyərək bərabərlik qolunu vurub. Musa Qurbanlı sona üç dəqiqə qalmış hesabı bərabərləşdirib – 1:1.

 

İlk ciddi sınaq

 

Bolqarıstanla görüşü Azərbaycan millisinin 2024-cü ildəki ilk ciddi sınağı hesab etmək olar. Düzdür, bu, yığmanın ikinci oyunu idi. Lakin Monqolustanla qarşılaşmanı ciddi qəbul etmək çətindir. Hər halda, FİFA reytinqinin ikinci yüzlüyünün sonlarında “iməkləyən” rəqiblə qarşılaşma komandamızın gücünü qiymət vermək üçün yetərli sayılmır. Üstəlik, fərqli Asiya futbolu, həm də az qala 90 dəqiqə qapısına qədər müdafiə olunan zəif komanda ilə dueldən sonra millimiz əsl sınağa çıxıb. Bu, baş məşqçi vəzifəsini icra edən Arif Əsədovun start heyətindən də hiss olunurdu. Komandanın aparıcı üzvləri Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Eddi İsrafllov, Rahil Məmmədov “11-liy”ə qaytarılıb. Yığma meydana daha optimal, AVRO-2024-ün seçmə oyunlarından adət etdiyimizə yaxın start heyətlə başlayıb.

 

Zəif, amma Avropa futbolu

 

Təbii ki, Bolqarıstan millisi tarixinin ən zəif dövrlərindən birini yaşayır. Bu, eniş də uzun müddətdir davam edir. Rəqibin AVRO-2024-ün seçmə mərhələsindəki fiaskosu da buna sübutdur. Öz qrupunda sonuncu olan, hətta futbol ölkəsi sayılmayan Litvadan geri qalan bolqarlar tsikli qələbəsiz başa vurub. Amma buna baxmayaraq, Bolqarıstanla görüş Avropa təmsilçisi ilə duel anlamına gəlir. Üstəlik, istənilən halda rəqibimiz FİFA reytinqində 83-cü, yığmamızdan 30 pillə öndə qərarlaşıb. Heyətində Avropanın müxtəlif ölkələrində çıxış edən futbolçuların olması da yoldaşlıq oyunundakı rəqibin ciddiliyindən xəbər verir.

 

Faydalı

 

Martda keçirilən yoldaşlıq oyunlarının nə dərəcədə faydalı olması heç kimə sirr deyil. Bu matçlar böyük komandalar üçün yayda təşkil olunacaq final mərhələsinə, digərləri üçün payıza hazırlıq xarakteri daşıyır. Sentyabrda Millətlər Liqasında mübarizəyə başlayacaq Azərbaycan millisi üçün də bu görüşlər hazırlıq baxımından önəm daşıyır. Əlbəttə, Monqolustanla matçla müqayisədə Bolqarıstanla sınaq bu baxımdan daha faydalı olmalıdır. Üstəlik, özündən güclü rəqibə uduzmamaq FİFA reytinqinə də əlavə xallar gətirir, oyunçularda özünəinamı artırır. 2024-cü ilə iki məğlubiyyətsiz matçla başlamaq nikbin düşünməyə, azarkeşlərə ümid verməyə də az-çox əsas verir.

 

Sonadək mübarizə

 

Təkcə nəticə deyil, millinin oyunu da müsbət fikir yaradır. Daha güclü liqalarda və tanınmış klublarda çıxış edən bolqarlarla görüşdə az qala bütün komponentlərdə üstün olan yığma yalnız xoş təsir bağışladı. Topa sahibolmada, zərbə sayında qeydə alınan üstünlük millinin rəqibdən təkcə hesabda geri qalmadığını göstərir. Hətta yığmamız qalib də gələ bilərdi. Yoldaşlıq görüşü olduğu üçün belə üstünlüyün nəticədə əksini tapmamasına üzülməmək olar. Hər halda mart matçlarında diqqətçəkən yetərincə məqam var. Onlardan biri hər iki görüşdə vurulan qolun sonlara təsadüf etməsidir. Millimiz son saniyələrə qədər vuruşmaqla Monqolustanla oyunda qələbə, Bolqarıstanla dueldə bərabərlik qoluna sonda sevinib. Bu da azarkeşlərə milliyə sonadək inanmasına, final fitinə qədər komandadan qol gözləməsinə əsas verir.

 

Bir şans qaldı

 

Əlbəttə, mart oyunlarının mənfi tərəfi də gözdən qaçmır. Ən böyük problem baş məşqçi ilə bağlı qeyri-müəyyənlikdir. Çünki əsas məqsəd komandanı Millətlər Liqasına hazırlamaqdır. Bu matçlarda yığmaya Arif Əsədov rəhbərlik edirdisə, payızda bu vəzifədə kimin olacağı bəlli deyil. Həmin mütəxəssisin indidən millidə olması, martı sınaqlarında texniki zonadan komandaya rəhbərlik etməsi daha məqsədəuyğun sayılır. Amma Əsədovun özünün də postunda qalması istisna deyil ki, belə olarsa, martdakı yoldaşlıq matçlarının bəhrəsini görmək olar. Əks-halda isə yeni baş məşqçinin daha ciddi sınaqlara hazırlıq üçün yalnız bir şansı qalacaq. Bu da yoldaşlıq oyunları üçün iyun “pəncərə”sidir. Hələlik həmin vaxt üçün bir matç – Albaniya ilə görüş razılaşdırılıb. Daha bir rəqibin tapılması da gözləniləndir. İstənilən halda, yeni çalışdırıcının bir toplanışı, bir şansı qalır.

 

Vüqar Xeyrullayev

İdman.biz

Mənbə

Share: